Ermənistanı bir dövlət kimi tanımırıq – Pakistan prezidenti

Pakistan Prezidenti Arif Alvi Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidentinin salamlarını A. Alviyə çatdırıb.

Azərbaycanın Pakistanla əlaqələrə, xüsusilə hərbi sahədə əməkdaşlığa önəm verdiyini qeyd edən müdafiə naziri təhlükəsizlik, hərbi-texniki, hərbi təhsil və bir sıra digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Pakistan Prezidenti A. Alvi öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Pakistan Prezidenti dövlətlərarası əlaqələrin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək hərbi-texniki, müdafiə və digər əlaqələrin daha da inkişafının zəruriliyini bildirib.
Prezident A. Alvi Pakistanın Dağlıq Qarabağ münaqişəsində ölkəmizi dəstəkləməsindən şad olduğunu və bunun davam edəcəyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını və məsələnin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini vurğulayıb.

Görüşdə tərəflər maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Paylaşın:
Share