Özbək, qazax, qırğız, tatar, türkmən… və Novruz bayramı

Bu günlərdə xalqımız Novruz bayramı günlərini qeyd edir. Şirniyyatlar, müxtəlif təamlar dolu süfrələr, tonqal, Keçəl, Kosa… Bunlar bayramın vazkeçilməzləridir. Amma türk xalqlarının ortaq bayramı olan Novruzu hər türk xalqı bir cür keçirir. Bayramın fəlsəfəsi və mahiyyəti eyni olsa da, türk xalqlarının hər birində buna özəl bir yanaşma var.

Türk xalqlarında Novruz bayramı necə keçirilir?

Bu ənənələri sizə təqdim edirik:

Türkiyənin Anadoludu Novruza “hə” deyir

Başlayaq qonşu Türkiyədən. Düzdür, türkiyəlilər bayrama “Nevruz” deməyi üstün tutur. Amma bayram ölkənin hər yerində eyni formada keçirilmir. Cənub-şərqi Anadolu bölgəsində Qaziantep və onun ətrafında 22 mart gününə “Sultan Novruz” adı verilib. Bu bölgədə, eləcə də, Qarsda Azərbaycanda olduğu kimi, qapı pusma, baca-baca adətləri yaşadılır. Türkiyədə yaz bayramı həm Novruzda, həm də Hıdırellezdə qeyd olunur.Novruz daha çox Anadolu sahəsində yayğındır. Hıdırellez ise Türkiyədə ən geniş yayılmış yaz mövsüm mərasimidir. Novruz martın 21-də, Hıdırellez isə may ayının 6-da bayram edilir. Azərbaycanda fevral ayında keçirilən Xıdır Nəbi mərasiminin Hıdırelleze müəyyən bənzərliyi olsa da, fərqli xüsusiyyətləri də vardır. Xıdır Nəbi qışın ortasında, Hıdırellez ise yazın ortasında keçirilir. Mərasimin mövsümlə əlaqəsindən belə anlaşılır ki, bunlardan biri qışın yola salınmasına göstərilən sakral ritual dəstəyi, digəri isə yazın gəlişinin təntənəsidir.Birincidə misteriya, ikincidə isə karnavallıq aparıcı mövqedədir.

Novruz yox, al bayram, ya da səpin toyu

Tatarlarda yaz bayramı “Karqa butkası”dır. Bu bayram yazın gəlişi münasibətilə keçirilir. Bayramda gənclər idman yarışları təşkil edir, oxuyur, oynayırlar.Tatarstanda “yaz işləri ilə bağlı bayramların ən böyüyü Sabantuy və ya “Səpin toyu”dur. Bu bayram yazdakı səpin ilə bağlıdır. Müasir dövrdə yaz şumu edildikdən və torpaq əkin üçün hazırlandıqdan sonra keçirilir. Sabantuy xalqın könüllü şəkildə bir yerə toplanaraq qeyd etdikləri musiqili-dramatik tamaşadır. Kənddə yaranan bu bayram sonralar şəhərlərə də yayılıb və təntənəli şəkildə qeyd olunmağa başlanıb.

Dağıstan xalqlarında yaz mövsümü ilə bağlı bahar bayramları keçirilir. Bu xalqların bəzilərində bu Novruzdur, bəzilərində “Al bayram”, “Qırmızı gün”dür. Bu bayramlarda dağlarda, həyətlərdə tonqal qalanır. Kalmıklarda yazın ilk ayı keçirilən mərasim “Çaqan sar”dır. Kalmık dilində bunun mənası “ağ ay” deməkdir. Hazırda İranda Novruz 13 gündə qeyd olunur. Zərdüştliyi davam etdirənlər yeni ili 5 gün qeyd edirlər, altıncı günü isə Böyük Novruzu (Novruz-e bozorq) Zərdüştün doğulduğu gün hesab edirlər. İranda Novruzdan öncəki çərşənbədən bayram başlanır. Bu “Çərşənbe suri” (Od çərşənbəsi)dir.

Bir həftə şənlik edən də var, 46 həftə boyunca edən də

Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla arınması adəti var. Qırğızlar bunu qədim türk şamanlarından qalma adət hesab edirlər. Onlar “Alas-alas, bəladan xilas”-deməklə, öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər. Darı yarmasından “Novruz köcö” adlı bayram yeməyi hazırlanır. Qırğız süfrəsində xüsusi olaraq Novruzda quzu ətindən əriştəyə oxşar un məmulatından hazırlanmış beşbarmaq da olur. Bu şirniyyat əllə yeyildiyi üçün belə adlanır. Türkmənistanda bayramdan beş-altı gün öncə, evlərin təmizlənməsi başlanır. Türkmən çörəyi, plovu və müxtəlif şirniyyatlar hazırlanır. Səməni Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib, böyük bir qazanda buğda, un və şəkərdən səməni bişirirlər. Bayrama bir gün qalmış bişirilən bu yemək 21 martda süfrələri bəzəyir .Türkmənlər Novruz tonqalına “saman otu” deyirlər. Qazaxıstanda, adətə görə, evlərin divarlarına, müxtəlif əşyalar üzərinə gil qablar atıb sındırırlar. Bu adət köhnə ilin pisliklərindən, xəstəliklərindən yeni ildə uzaq olmaq məqsədi daşıyır. Qazaxlar da tonqal üzərindən atlanırlar. “Novruz köcü”, Novruz şorbası və ya “Lapa” adlı yeməklər bişirilib qonşulara paylanır.

Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində Novruza həsr edilmiş şənliklər bir həftədən 46 həftəyə qədər davam edir. Özbəklərin bişirdikləri xüsusi yeməklərdən ən əsası məşhur özbək plovu, samsa və sümələkdir. “S” hərfi ilə başlayan sünbül, səbzi, sirkə, iydə (sancid) kimi 7 nemət süfrəyə düzülür. Güləş və at yarışları bayrama xüsusi bir gözəllik qatır. Novruz günü bir-birini qucaqlamaq və danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək ən əski adətlərdəndir. Bölgələrdə təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun..

Özbəklərdə aşağdakı mövsüm mərasimləri qeyd olunur: 1) Qış gecələri və ya məclisləri (qap-qaştak, yasayusun). Bu bizdəki çilə çıxartma mərasimlərinə uyğun gəlir. 2) Yaz bayramları –Navruz və şoxmoylar (öküzlərin şum üçün sahəyə sürülməsi, yəni şumlamanın başlanması), lola (lalə) , kizil qul (qızıl gül), loy tutiş (palçıq vermə, yəni ev tikməyə başlama) bayramları. 3) Yay təntənələri içində “kavun sayli” (yemiş bayramı), “çoy momo” və s.vardır. 4) Payız bayramları məhsul yığımı ilə əlaqəli olur. Buraya Mexrqan, thamol çakiriş, “uzum sayli” (üzüm bayramı) və misal ola bilər.

Özbəklər Novruz süfrəsinə “S” ilə başlayan yeddi ədəd yemək və yeddi cür ədviyyat qoyurlar.Ayrıca olaraq, süfrəyə böyük bir çörək, ətrafına boyalı yumurtalar və yaşıl yarpaqlar qoyulur. Bir həftə ərzində qeyd olunan Novruz günlərində müxtəlif tamaşalar təşkil olunur, oyunlar oynanır. (Musavat.com)

Paylaşın:
Share