“Yeni Zelandiya terrorçusu ömürlük azadlıqdan məhrum ediləcək”

Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məscidə hücum edən terrorçu ömürlük həbs cəzasına məhkum ediləcək.

Bunu Yeni Zelandiya Baş nazirinin müavini və xarici işlər naziri Uinston Piters İslam Əməkdaşlıq Təşkilatı (İƏT) xarici işlər nazirlərinin İstanbulda keçirilən fövqəladə yığıncağında bildirib.

Martın 15-də törədilən və böyük faciəyə səbəb olan terror aktı barədə danışan nazir araşdırma zamanı saxlanılan avstraliyalı Brenton Tarrantın həyatının qalan hissəsini həbsxana kamerasında keçirəcəyini deyib: “Bu məsələ ilə bağlı ölkə tarixinin ən genişmiqyaslı təhqiqatı başlanılıb. Biz dini inanclara çox əhəmiyyət verən ölkəyik, müsəlmanlara qarşı bu qəsd hamımıza qarşı edilən qəsddir”.

Xatırladaq ki, martın 15-də Kraystçörç şəhərindəki iki məscidin atəşə tutulması nəticəsində 51 nəfər ölüb, 49 nəfər yaralanıb. (Report)

Paylaşın:
Share