Sürət qatarı Ağstafaya qədər gedəcək

Bakıdan Gəncəyə sürət qatarının işə salınmasından sonra Qərb zonasında yaşayan əhali onun ölkənin Qərb sərhədlərinə qədər uzadılması ilə bağlı təkliflər səsləndirməyə başlayıb.

Bununla bağlı redaksiyamıza müraciət edən bölgə sakinləri bildirirlər ki, Bakıdan-Qazağa gedən sərnişin qatarları 10-11 saat, avtobuslar isə 7-8 saatdan sonra mənzilbaşına çatırlar: “Gəncəyə 4 saatdan az bir müddətə gələn qatarın Ağstafaya çatması üçün uzağı bir saat vaxt tələb olunur. Bu isə bizim yola sərf etdiyimiz vaxtın azı iki saat qısalması deməkdir”.

Sakinlər bildirirlər ki, əksər hallarda avtobusla Gəncəyə gəlib oradan sürət qatarına minirlər ki, bu da onlar üçün həm əlavə vaxt itkisi, həm də əziyyət deməkdir: “Qatar Ağstafaya qədər gedərsə, minlərlə insanın Bakıya gediş-gəlişi asanlaşmış olar. Qatarın özü də sərnişin problemi ilə üzləşməz”.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sürət qatarının Ağstafaya qədər gedişini təmin etmək barədə planları varmı? Bunun üçün hansı işlər görülməlidir?

Elyar Muradov ile ilgili görsel sonucu

QSC-nin Sərnişin Daşımaları Departamentinin rəhbəri Elyar Muradov bildirir ki, ölkədə dəmiryolu dəyişən cərəyana keçirilir: “Bu il ərzində dəmiryolunun dəyişən cərəyana keçirilməsi nəzərdə tutulur. Buna nail olduqdan sonra sürət qatarının Ağstafaya qədər getməsi təmin ediləcək. Yəni bu, planda var və icrası istiqamətində də işlər gedir”.

Departament rəhbərinin sözlərinə görə,  dəmiryolunun texniki imkanları sürət qatarının Ağstafaya qədər getməsinə tam imkan verir: “Burada sadəcə, platformaların yenidənqurulması lazımdır. Dəyişən cərəyana keçdikdən sonra öz qatarlarımız da ikili sistemdə işləyə biləcək”. (Musavat.com)

Paylaşın:
Share