Alimlər

Qafar Ramazanov Əbdüləli oğlu — dosent

Ramazanov Qafar Əbdüləli oğlu 1955-ci il 23 noyabrda Qərbi Azərbaycanın Yanıqpəyə kəndində anadan olub. 1973-cü ildə B.Əfəndiyev adına Çaykənd orta məktəbini əla qiymətlərlə bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) “Kimya” fakültəsinə daxil olub.

1978-ci ildə Universiteti müvəffəqiyyətlə bitirərək təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunda elmi fəaliyyətə başlayıb. Bu institutda o mühəndislikdən böyük elmi işçi vəzifəsinə qədər elmi yol keçib.

O, 1984-cü ildə SSRİ Elmlər Akademiyasının akademiki, SSRİ Elmlər Akademiyasının vitseprezidenti O.M.Nefedov və tanınmış kimyaçı, kimya elmlər doktoru, əməkdar elm xadimi, professor Abas Quliyevin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edərək “Yüksək molekullu birləşmələr kimyası” sahəsində kimya elmləri namizədi alimlik dərəcəsini alıb. 2000-ci ildə ona “YMB” kimya ixtisası üzrə baş elmi işçi adı verilib. 2000-ci ildən həyatını Sumqayıt Dövlət Universiteti ilə bağlayaraq “Neft kimyası” kafedrasında dosent vəzifəsində fəaliyyətə başlayıb. 2003-ci ildə “Neft kimyası” kafedrası üzrə dosent elmi adını alıb.

2003-cü ildə ona böyük etimad göstərilmiş və Universitetin “Kimya” fakültəsinin dekanı seçilib. “Kimya” fakültəsinin dekanı işlədiyi müddətdə təlim-tərbiyə prosesinin keyfiyyət təminatında və təhsil sisteminin dünya təhsil sisteminin müvafiq standartlarına uyğunlaşdırılması istiqamətində fakültənin inkişafında məqsədyönlü fəaliyyət göstərib. O, fakültəyə rəhbərlik etdiyi son illərdə fakültə həm formaca, həm də məzmunca tamamilə dəyişib, elmi-pedaqoji, idman və digər nailiyyətlərinə görə Universitetin ən qabaqcıl fakültələrindən birinə çevrilib.

Q.Ə.Ramazanov Sumqayıt Dövlət Universitetinin ictimai işlərində fəal iştirak edir, 2003-cü ildən “Kimya” fakültəsinin Elmi şurasının sədri, Universitet Elmi şurasının, Universitet tədris-metodiki şurasının üzvüdür.

Dos Q.Ə.Ramazanov 100-dən çox elmi əsərin müəllifidir.

Q.Ə.Ramazanov “Kimya” fakültəsinin dekanı vəzifəsində işləməklə bərabər “Neft kimyası” kafedrasında ali peşə istiqamətləri üzrə bakalavr və magistr pillələrində yüksək ixtisaslı kadrlar hazırlamaqla səmərəli elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir.

2005-ci ildə elm və təhsildə, həmçinin gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə, Universitetin ictimai həyatındakı fəaliyyətinə görə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanı ilə təltif olunub, Qərbi Azərbaycanlıların ziyalıları haqqında yazılmış “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” və “Oğuz yurdunun övladları” kitablarında onun barəsində ətraflı yazılar dərc edilib.

Print Friendly, PDF & Email