ÇAYKƏND

Çaykənd (1991-ci ildən DPRABAK) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçay sahilində, rayon mərkəzindən 22 km şimal-şərqdə azərbaycanlılar yaşayan kənddir.

Azərbaycanlı əhalisi 1905-ci ildə 409, 1914-cü ildə 677, 1931-ci ildə 662 nəfər olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan qovulub.

Elektrik işığı ilə ən tez təmin olan kənd Çaykənd və Gölkənd olub. 1951-1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilib. İlk dini və dünyəvi məktəblər də Çaykənddə olub. Əvvəlcə ibtidai, sonra yeddillik olan, daha sonra isə orta məktəb açılıb və 1988-ci ilin məlum hadisələrinə qədər fəaliyyət göstərib.

 

Çaykənd kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı.

Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.