Generallar

1.İsmət Əliyev

İsmət Əliyev (d. 1959, Əmirxeyir, Krasnoselsk rayonu, Ermənistan SSR, SSRİ) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, polis general-leytenantı.

Əliyev İsmət Rəşid oğlu 1959-cu ildə Ermənistan Respublikasında Krasnoselsk rayonunun Əmirxeyir kəndində anadan olub. 1981-ci ildə fərqlənmə diplomu ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu, 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

1981-ci ildən daxili işlər orqanlarinda xidmət edir. 1981-2009-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyi İdarəsinin Təşkilati-analitik bölməsinin dövlət avtomobil müfəttişi, baş dövlət avtomobil müfəttişi, bölmə rəisi, Təbliğat və təşviqat şöbəsinin rəis müavini, idarə rəisinin müavini, Dövlət yol polisi əməkdaşlarının hazırlanması üzrə Tədris Mərkəzinin rəisi, Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, 2009-2014-cü illərdə isə DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 805 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 iyul tarixli 987 nömrəli Fərmanı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 29 iyun tarixli 2280 nömrəli Sərəncamı ilə “Vətən Uğrunda” medalı, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

2.Natiq Əliyev

Əliyev Natiq Avil oğlu — general-mayor, Əczaçılıq elmləri namizədi, Azərbaycan Müdafiə Nazirliyi Tibb xidmətinin rəisi.

Natiq Əliyev 24 avqust 1964-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. Karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir.

“Azərbaycan Respublikasında Dopinq nəzarətinin təşkilinin öyrənilməsi” elmi əsərinin müəllifidir. Əczaçılıq elmləri namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür, Gənclər və İdman Nazirliyi Antidopinq Komitəsinin sədridir. Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

1999-2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb.

Hazırda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb xidmətinin rəisidir. Azərbaycan Respublikası Prezidentinin 25.06.2013-cü il tarixli Sərəncamı ilə Tibb-Xidməti General-mayor hərbi rütbəsi verilib.