GÖLKƏND

Gölkənd kəndi Qаrаqоyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in Mixaylovka – Çəmbərək (Krasnoselsk) rayonunda, rayon mərkəzindən 16 km şimal-qərbdə, Tərsəçay sahilində meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşayan kənddir.

Kəndin azərbaycanlı əhalisi 1831-ci ildə 357, 1886-cı ildə 2157, 1914-cü ildə 1866, 1922-ci ildə 1015, 1931-ci ildə 1279, 1959-cu ildə 1123, 1979-cu ildə 2022 nəfər olub. Gölkənd kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılıb. Kəndin adı 1991-ci ildə “Ayqut” olaraq dəyişdirilib. Hazırda Göyçə mahalının da daxil olduğu Geğarkunik marzına daxildir.

Gölkənd Qaraqoyunlu dərəsinin ən böyük və möhtəşəm kəndlərindən biri olub. Adından da məlum olduğu kimi, bu kənd öz adını burada olan təbii göllərdən alıb. Gölkənddə Uzungöl, Göygöl, Çatalgöl, Tağılar gölü adlı dörd göl var idi.

Gölkənd kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olub.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı.

Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.

Elektrik işığı ilə ən tez təmin olan kənd Çaykənd və Gölkənd olub. 1951-1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilib.

Mahalda ən böyük kənd Gölkənd olub.